29.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 29.04.2022- ci il tarixində uşaqlara dair strategiyanın həyata keçirilməsi ilə əlaqədar, uşaqların ekoloji sahədə maarifləndirilməsi məqsədi ilə “Təbiət bizim evimizdir” başlığı altında söhbət təşkil etdi. Tədbirdə Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli məktəbin müəlliməsi Pərvanə Alıyeva və bir qrup IV sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, yaşadığımız dünya bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Təbiət bizim hamımızın anasıdır. Əslində biz özümüz də təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Ona görə də hər bir vətən övladı doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı “Qırmızı kitab”a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıdır.
Sonra tədbirdə çıxış edən edən 4 nömrəli məktəbin müəlliməsi Pərvanə Alıyeva bildirdi ki, doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Vətənimizin insanı valeh edən möcüzəli təbiəti, bitki örtüyü, zəngin heyvanat aləmi bu yerlərə xüsusi yaraşıq bəxş edir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq.
Sonda şagirdlər təbiət mövzusuna aid sərgi ilə tanış oldular və mövzu ilə əlaqəli videoçarx izlədilər.