25.04.2018
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 fevral 2016-cı il tarixli 22 nömrəli əmrinin icrasını təmin etmək və uşaq ədəbiyyatının təbliğ olunması məqsədilə nazirliyin təşəbbüsü, təşkilatı və maliyyə dəstəyi ilə “Kitabsevər uşaqlar” layihəsi reallaşdırılmışdır. Səhifənin rəsmi YouTube kanalı 2016-cı ilin may ayından fəaliyyətə başlamışdır. Səhifədə müxtəlif mövzularda (“Maraqlı nağıllar”, “Öyrədən kitablar”, “Cizgi filmləri”, “Tapmacalar”, “Uşaq mahnıları”) maraqlı videolar paylaşılır. Bu il səhifədə müsabiqə elan olunmuşdur. Müsabiqədə Gəncə şəhər uşaq kitabxanasının oxucuları da iştirak etmişdir.Həmin oxuculardan şəhərin 43 nömrəli tam orta məktəbin VII sinif şagirdi Ayaz Samir oğlu Əsgərov fərqləndiyinə görə layihənin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
25 aprel 2018-ci il tarixdə Uşaq kitabxanası müsabiqə fərqlənən şagirdlə birlikdə sinif yoldaşlarını və müəllimlərini kitabxanaya dəvət etmişdir. Kitabxananın müdiri Ellada Rəhimova məktəblilərə bu layihə haqqında ətrafrlı məlumat verdi. Sonra isə sözü MKS-nin direktor müavini Fəridə Qədimovaya verdi. Fəridə xanım şagirdlərə kitab oxumağın, mütaliənin faydaları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mütaliə etmək insanın düşünmə qabiliyyətini artırır,dünyagörüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir. Kitab oxumaq, eləcə də yaddaş və məntiqin inkişaf etməsinə böyük təsir göstərir.Eləcə də bu layihədə fəal iştirak etməyi tövsiyə etdi. Sonda iştirakçıya kitabxana adından kitab hədiyyə edilmişdir.