27.04.2022
27 aprel 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Akademik Zərifə Əliyeva "Nəsillərə örnək olan ömür yolu" mövzusunda videokonfrans keçirildi. Tədbirdə Goranboy rayon Mərkəzi Xəstəxanasının həkimləri və Mübariz qəzetinin əməkdaşı iştirak etdilər. Tədbir iştirakçıları öncə ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə tər-gül dəstələri qoydular. Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeydə davam etdirildi. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ömür gün yoldaşı, gözlərimizə nur bəxş edən oftalmoloqumuz Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açaraq Zərifə xanım haqqında ümumi məlumat verdi. Goranboy rayon Mərkəzi xəstəxanasının göz həkimi Gülşən Sadıqova Zərifə xanımın səhiyyə sahəsində gördüyü xeyirxah işlərdən və qazandığı uğurlardan danışdı. Mərkəzi kitabxananın əməkdaşı Gülnar Nəcəfova Mirvarid Dilbazinin "Unudulmaz Zərifə xanımın əziz xatirəsinə" adlı şeiri səsləndirdi. Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında geniş və ətraflı danışdı. Mərkəzi kitabxananın əməkdaşı Səidə Abdullayeva tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkildi.