27.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 26.04.22-ci il tarixdə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası" ilə bağlı "Azərbaycan gənclərinin inkişafı" başlıqlı onlayn oxucu konfransı keçirdi. Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası" haqqında məlumat verdi.
Konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin direktoru Seymur Vəliyev, ADAU-nin Yeni Azərbaycan Partiyasının sədri 2-ci kurs tələbəsi Dəniz Hüseynli, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri, birinci dərəcəli hakim Vüqar Xəlilov, QHT "Yüksəliş" Gənclər Hərəkatının sədri Məhəmməd Məmmədov, C.Naxçıvanski adına Hərbi liseyin İdeoloji iş mənəvi-psixoloji təminat şöbəsində bədii qiraət, natiqlik dərnəyinin rəhbəri Gülsəda Amin, Başqırdıstan Respublikası Dövlət Universtetinin hüquq fakultəsinin tələbəsi Elvira Qasımova, BDU-nin hüquq fakultəsinin tələbəsi Elşad Nağızadə, BDU-nin məzunu Arzu Tahirova, Gəncə şəhər 6 saylı tam orta məktəbin Gənclərin Çağrışa Qədərki Hərbi Hazırlıq rəhbəri Nəriman Sadıqov, Az.TU-nin Tələbə Gənclər Təşkilatının və könüllülərin sədr müavini Əli Babayev çıxış etdilər.
Konfransda çıxış edənlər qeyd etdilər ki, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış bu sərəncamın 14-35 yaş arası bütün gənclərin gələcək inkişafı üçün önəmli olduğu qeyd edildi. Tədbirdə müxtəlif vaxtlarda qəbul edilmiş "Dövlət Proqramları"ndan da söhbət açıldı. Həmçinin tədbirdə Azərbaycan gənclərinin vətənpərvərliyi xüsusilə vurğulandı. II Qarabağ Vətən müharibəsində tarixi qələbəmizin əldə olunmasında gənclər öz qəhrəmanlıqları ilə adlarını Azərbaycan tarixinə qızıl həriflərlə yazdılar. Konfransın sonunda hər kəs gənclərə gələcək işlərində bol-bol uğurlar və Azərbaycan bayrağını yüksəkliklərdə dalğalandırmağı arzuladılar.