26.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialında 25.04.2022-ci il tarixdə II Qarabağ Vətən Müharibəsi qəhrəmanı Allahyarov Vüsal Şakir oğlunun anım günü ilə əlaqədar "Şəhidlik ən ali zirvədir" başlıqlı söhbət keçirildi. Söhbət öncəsi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Günel Əliyeva II Qarabağ Vətən Müharibəsi haqqında qısaca söhbət açdı.Qeyd etdi ki, Azərbaycan Ordusu 44 günlük II Qarabağ Vətən Müharibəsi zamanı böyük şücaət göstərərək "Zəfər"ə imza atdı. İgid oğulların qanı bahasına alınmış haqq davamız bütün dünyaya səs saldı. Otuz ilə yaxın olan "Vətən" həsrətinə son qoyuldu. Bu gün şəhidlərimizin ruhu böyük ehtiramla yad edilir və hörmətlə anılır. Bu cür şəhidlərimizdən biri də Allahyarov Vüsal Şakir oğludur. Vüsal öz vətəninin keşiyində əzmlə dayanaraq, qəhrəmancasına döyüşmüşdür. Şəhid 1988-ci ildə Sumqayıt şəhərində doğulub boya başa çatmışdır. Baş çavuş 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olması üçün Vətən Müharibəsi zamanı başlanan Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə noyabrın 7-də qəhrəmancasına şəhid olmuşdur.İgidliyinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Vətən uğrunda", "Qarabağ ordeni", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Kitabxanaçı sonda qeyd etdi ki, şəhidlər bizim həm nisgilimiz, kədərimiz, fəxrimiz, qürurumuz, ölməzliyimiz, örnəyimizdir.