20.04.2018
20.04.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 24№li kitabxana filialı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 19 №li orta məktəbdə “XVIII əsr Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqif yaradıcılığı” adlı oxucu konfransı keçirdi. Oxucu konfransını kitabxananın müdiri Rahilə Qasımova açaraq Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında məlumat verdi.
Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Məlahət Əhmədova “Molla Pənah Vaqif yaradıcılığının ədəbiyyatımıza gətirdiyi yeniliklər” mövzusunda danışarkən qeyd etdi ki, Vaqif yaradıcılığı ilə Azərbaycan şeri tarixində yeni bir dövr , Vaqif lirikası ilə poeziyasında yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali- ruhiyyə, həyatı və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir. Realist şerin ilk nümunələri onun adı ilə bağlıdır.
Tədris işləri üzrə direktor müavini Firuzə Musayeva isə “Vaqif yaradıcılığına böyük sevgi” mövzusunda danışdı. Firuzə müəllimə Vaqifin ədəbiyyatımızda ən çox sevdiyi şairlərdən olduğunu söylədi: Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir. Aşıqlar, xalq şairləri Vaqif irsini məhəbbətlə sevib, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Müəllimlərdən Kəmalə İsrafilova, Mətanət Abdiyeva şairin yaradıcılığı haqqında danışdılar. Məktəblilərdən Aytən Həsənova “Vətən xoşdur deyə, Vaqif, bizi çəkdin Salahlıya” qəzəlini, Kənan Məmmədov isə “Bir sən kimi gözəl yoxdur dünyada” qoşmasını söylədilər.