Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filminin təqdimatı keçirilib

20.04.2022

19.04.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi ilə birgə  tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva, Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı Flora Qasımova, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Xocalı rayon  mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etdilər.

İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Lamiə Qarayeva çıxış edərək bildirdi ki, 27 sentyabr 2020-ci il Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.

Flora Qasımova çıxış edərək bildirdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı.

Xatirə Vəliyeva çıxış edərək bildirdi ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirmişdir. Bu işləri görərkən əsas məqsəd Vətənə, xalqa xidmət olmuşdur. Vətən müharibəsində Xankəndi şəhərindən olan üç hərbiçimiz leytenant Cavadov Namiq Rəhbər oğlu, kiçik çavuş Nəsirov Xəqani Kamran oğlu və əsgər Əhmədov Nicat Həsən oğlu şəhid olmuşdur.  Eyni zamanda onlarla vətən müharibəsi qazisi və veteranı var. Onları ölkəmizdə və xarici ölkələrdə tanıdılması üçün birliyimiz əlindən gələni edir.

Sonda “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gəlmiş “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.

 

127.1 KB

 

126.4 KB