20.04.2022
19.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı məktəblilərin vətənpərvər və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və eyni zamanda intellektual inkişaflarının stimullaşdırılması məqsədilə “Doğma yurdumuz Qarabağın tarixini necə bilirik?” başlığı altında məktəblər arası viktorina keçirtdi. Tədbiri 15 saylı filalın müdir əvəzi Şəhla İlyasova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, doğma yurdumuz Azərbaycanın hər qarışı bizə əzizdi. Qarabağın qəlbimizdə yeri isə bir başqadı. Axır ki, biz Müzəffər Ali Baş Komandanın qətiyyətli addımları, Müzəffər Azərbaycan Ordusunun misilsiz şücaəti, Müzəffər Xalqımızın birliyi sayəsində sevinclə, qürurla Qarabağ Azərbaycandır deyirik. Tədbir Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı. Sonra söz viktorinaya tarixçi, ekspert kimi dəvət olunmuş Gəncə Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsi qazisi Hüseyn Bəxtiyarlıya verildi. Hüseyn müəllim öz çıxışında bilik yarışmalarının əhəmiyyətini xüsusi olaraq vurğuladı. Viktorinanın şərtləri məktəblilərin bir daha nəzərinə çatdırıldıqdan sonra bilik yarışına başlanıldı. Viktorinada Gəncə şəhər İ.Qayıbov adına 1 saylı tam orta məktəbin, M.Mehdizadə adına 4 saylı tam orta məktəbin və M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin VI sinif şagirdləri komanda şəklində iştirak etdilər. Verilən sualların daha düzgün və cəld cavablandırılmasına görə M.Mehdizadə adına 4 saylı tam orta məktəbin VI sinif şagirdləri I, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin VI sinif şagirdləri isə II yerə layiq oldular. Komandanın kapitanlarına “Təşəkkürnamə” təqdim olundu. Eyni zamanda fəallıq göstərən məktəblilərə kitab və bütün iştirakçılara əlfəcin hədiyyə olundu. Tədbirin sonunda 15 saylı filalın müdir əvəzi Şəhla İlyasova xöş əhval-ruhiyyədə və yüksək səviyyədə keçən viktorinanın bütün işirakçılarına öz minnətdarlığını bildirdi. Tədbir QARABAĞ AZƏRBAYCANDIR nidası ilə yekunlaşdırıldı.