18.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 17.04.2022-ci il tarixdə görkəmli Azərbaycan şairi, Molla Pənah Vaqifin 305 illiyinə həsr olunmuş “Gözəllik aşiqi” adlı şeir gecəsi keçirdi.
Tədbiri açan filialın müdiri Firuzə Yunusova şairin həyatı və yaradıcılığından danışaraq qeyd etdi ki, M.P.Vaqif klassik şerimizin ölməz nümunələrini yaradan sənətkarlardan olmuş, Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır. Bildirilib ki, Molla Pənah Vaqif poeziya kahkəşanının parlaq ulduzlarındandır və ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan üçüncü sənətkardır. Firuzə Yunusova vurğuladı ki, M.P.Vaqif şərq poeziyasının klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Humanitar Tədqiqatlar İnstitutu Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Ruziyə Quliyeva öz çıxışında söylədi ki, Vaqif yaradıcılığı ilə Azərbaycan seiri tarixində yeni bir dövr başlanır və poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir. Realist şeirin ilk nümunələri onun adı ilə bağlıdır və şairin yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur.
Fəal oxucu Əminə Həsənova Şuşanın işğalı zamanı şairin məqbərəsinin dağıdılmasından, Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşada dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışından və Vaqif Poeziya günlərindən danışıb. Tədbirdə fəal oxucular şairin şeirlərini söylədilər.