15.04.2022
15.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Parlaq istedadlı şairə” başlıgı altında xülasə keçirdi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq şairənin həyat və yaradıcılığı haqqında məlumat verdi.
XIX yüzilin tanınmış Azərbaycan şairəsi Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Natəvan Xurşidbanu 6 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Natəvanın yaradıcılığı onillər ərzində araşdırılsa da, həmişə ciddi maraq kəsb edir. Xurşidbanu Natəvan həm də XIX əsrin ən dəyərli nəqqaşlarından və rassamlarından biri sayılıb, musiqişünas olub.
Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən şairə özünə "Natəvan" təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır. Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Bəstəkar "Xan qızı Natəvan" operasını da yazmışdır.
Tədbirdə Gülnar Hüseynova şairənin “Əsərləri” kitabını, “Xurşidbanu Natəvan 33 qəzəl” və digər kitablarının xülasəsini etdi.
Xurşidbanu Natəvanın “Əsərləri” kitabı “Lider Nəşriyyat”ı tərəfindən 2004-cü ildə Bakı şəhərində çap edilib. 88 səhifədən ibarətdir.
Xurşidbanu şeirlərində romantik boyalara, sentimental əhvali-ruhiyyələrə üstünlük verir, real zəmindən uzaqlaşmamış, həyata, varlığa biganə qalmamışdır. Onun əsərlərindən həyat gözəlliklərinə canatma, ülviyyətə qovuşma meyli olduqca güclü və təsirli çıxmışdır. Nikbinlik, həyatilik kimi məziyyətlərə Xurşidbanunun təbiət gözəlliklərinə həsr etdiyi şeirlərində rast gəlirik.
Kitabda şairənin “Yıxıb bu könlüm evin, eyləyib viran, getmə!”, “Hicran edibdi könlümü bərbad, ağlaram”, “Yanar canım, oğul, daim sənin nari-fərağında”, “Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!” və digər şeirləri yer alır.
Bu kitab Xurşidbanu Natəvanın “Əsərləri” kitabının təkrar nəşrinə əsasən hazırlanmışdır.
Daha sonra isə “Xurşidbanu Natəvan 33 qəzəl” kitabı haqqında məlumat verdi. Kitab “Gənclik” nəşriyyat evi tərəfindən 1981-ci ildə Bakı şəhərində çap edilmişdir. Kitabda Natəvanın 33 qəzəli mövcuddur.
Tədbirdə 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinin könüllülərdən ibarət işçi heyəti və kitabxananın fəal oxucuları iştirak etdi.