14.04.2022
13.04.22-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı vətənpərvərlik mövzusunda 2016-cı il Aprel döyüşlərinin şəhidi xüsusi təyinatlıların giziri Rusif Ağayevin anadan olmasının 35 illiyi münasibətilə "Müqəddəs və şərəfli zirvədə" başlıqlı anım günü keçirdi. Anım gününü filialın müdiri Rahilə Qasımova belə giriş sözü ilə açdı: 2016-cı ildə Zəfər yolumuzun başlanğıcını qoyan orduya, onun gücünə inam yaradan, hər zaman vətəni canlarından artıq sevən, öz qanları ilə tarix yazan igidlərimizdən biri xüsusi təyinatlıların giziri Rusif İbrahim oğlu Ağayev haqqında danışmaq istəyirəm.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Filialın müdiri söylədi ki, Aprel döyüşləri mənim xalqımın, mənim dövlətimin sarsılmaz iradəsini tükənməz gücünü bütün dünyaya tanıtdı. Bu iradənin, bu gücün əsl mənbəyi işğal olunmuş torpaqlarımız idi. Aprel döyüşlərində əsl qəhrəmanlıq göstərən Rusif 16 aprel 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olmuşdur. Bu il onun 35 yaşı tamam olur. Rusif aprelin 6-da 2016-cı ildə kəşfiyatdan qayıdarkən qəhrəmancasına şəhid olmuşdur. Tədbirdə Rusifin həyatı, keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verildi.
Tədbirdə Daşkəsən rayon Gürbulaq kəndinin tarix müəllimi Arifə Abbasova söylədi ki, Aprel döyüşlərindəki qələbəmiz orduya inamı artırdı, 2020 -cı ildə tarixi zəfər qələbəmizin əldə olunmasında mühüm rol oynadı. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Elə bu həmrəyliyin sayəsində 44 günlük Vətən müharibəsində qələbə qazandıq. Rusif kimi şəhidlərimizin qisası alındı.
Tədbirdə 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin futbol bölməsinin baş məşqiçi müəllimi Elçin Quziryani də Aprel döyüşlərində ordumuzun göstərdiyi qəhrəmanlıq, igidliyin əsasında vətənpərvərlik, vətənə olan böyük sevgi durduğunu söylədi. Kitabxananın oxucusu 44 saylı tam orta məktəbin şagirdi Anar Abbasov da söylədi ki, biz şəhidlərimizdən vətənpərvərlik hissini, tərbiyəsini öyrənirik.
Anım günündə 24 saylı orta məktəbin şagirdi Nuray Quliyeva "Adına qurban" şeirini söylədi.
Sonda aprel şəhidlərinə həsr edilmiş videoçarx nümayiş etdirildi.