09.04.2022
Gəncə şəhər Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında 08.04.2022- ci il tarixdə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar “Xurşidbanu Natəvanın poeziyası” başlığı altında şeir gecəsi keçirildi. Tədbirdə Kəlbəcər rayonunun Gəncədə fəaliyyət göstərən 109 saylı tam orta məktəbin 8 və 10-cu sinif şagirdləri, müəllimlər və fəal oxucular iştirak edirdi.
Gəncə şəhər MKS-nin 5 saylı kitabxana filialının böyük kitabxanaçısı Nazilə Həsənova şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra çıxış edən 109 saylı Kəlbəcər tam orta məktəbin müəlliməsi Könül Bayramova Xurşidbanu Natəvanın XIX əsrin 50-ci illərindən ədəbi fəaliyyətindən, Azərbaycan və fars dillərində çoxlu qəzəlləri, lirik şerləri, rübailərinin olduğunu qeyd etmişdir. Bayramova Könül Xurşidbanu Natəvanın XIX əsrin bir çox böyük şairlərini özündə cəm edən "Məclisi-üns" ədəbi məclisini təşkil etməsindən danışdı. Həmin məktəbin dil ədəbiyyat müəllimi Gülayə Məhərrəmova Xurşidbanu Natəvanın “Gülün”, “Qərənfil” və sair qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunmasını bildirmiş, “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və başqa bu kimi bədbin ruhlu şeirlər yazdığını iştirakçıların diqqətinə çatdırmışdır. Məktəblilər şairənin ilhamla qələmə aldığı “Eylər”, “Oğluma “, “Bənövşə “, Bənzətdim”, “Getdi” şerlərini söylədilər. 109 saylı məktəbin şagirdi Salmanova Gülşən tədbiri şairənin “Sənsiz“ qəzəli ilə bitirdi.