09.04.2022
08.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində II-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev və Elşad Mahmudovun il dönümləri ilə bağlı " Şəhidlər unudulmur" adlı onlayn videokonfrans keçirildi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş məsləhətçisi Süleyman Əliyev, Mədəniyyət Mərkəzinin kollektivi, kənd filialları iştirak etdilər.
Konfransın ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, qeyd etdi ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki Şəhidlər vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır.
Sonra çıxış üçün söz Mədəniyyət Mərkəzinin Baş məsləhətçisi Əliyev Süleymana verildi. O, bildirdi ki, Azərbaycan Ordusunun əsgəri olan Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 yaşında şəhid olan əsgər Allahverdiyev Vətən müharibəsinin ən gənc şəhidi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra " Vətən uğrunda"
," Xocavəndin azad olunmasına görə", " Füzulinin azad olunmasına görə", " Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.
Daha sonra çıxış üçün söz Füzuli kənd Mədəniyyət evinin müdiri Əsgərov Qiyasa verildi. Vətən müharibəsində canlarını qorxmadan sipər edən şəhidlərdən biri də Elşad Mahmudov olmuşdur. Elşad Mahmudov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Mahmudov ölümündən sonra " Vətən uğrunda", " Cəbrayılın azad olunmasına görə", " Laçının azad olunmasına görə", " Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Azərbaycan vətəndaşı şəhidlərimizi, tanımalı, şəhidlər haqqında məlumat toplamalıdır. Çünki Şəhidlərimiz haqqında məlumat toplanılsa, qan yaddaşımız heç vaxt silinməyəcək, düşmənimizin kim olmasını unutmayacağıq.