Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa ili” adlı rəsm sərgisi təşkil olunub

08.04.2022

08.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında 2022-ci il Şuşa ili ilə əlaqədar "Azərbaycanının Mədəniyyət Paytaxtı - Şuşa" adlı dəyirmi masa, və "Şuşa ili" adlı rəsm sərgisi təşkil olundu. Tədbirdə Samux şəhər kitabxana filialının əməkdaşları, Samux şəhər Mədəniyyət evinin əməkdaşları, Samux şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi. Tədbiri giriş sözü ilə Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova açıq elan edərək Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa haqqında iştirakçılara geniş məlumat verdi. O, çıxışında xüsusi ilə vurğuladı ki, Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Dövlət başçısı xalqa müraciətində bildirdi ki: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir. Tədbirdə çıxış edən Samux şəhər kitabxana sisteminin multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərova qeyd etdi ki, bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Samux şəhər kitabxana filialının kitabxanaçısı Fatma Mirzəyeva çıxış edərək söylədi ki, Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. "Azərbaycanının Mədəniyyət Paytaxtı - Şuşa" adlı dəyirmi masa, "Şuşa ili" adlı rəsm sərgisi ilə davam etdirildi. Sərgidə Şuşanın tarıxi abidələrini əks etdirən rəsm əsərləri nümayiş etdirildi.

 

105.3 KB