06.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 04.04.2022-ci il tarixində “Şanlı hərbi qələbəmiz” adlı ənənəvi tədbir keçirdi. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə öz çıxışında qeyd etdi ki,aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı.Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tədbirdə çıxış üçün Seyidlər kənd tam orta məktəbin Ədəbiyyat müəllimi Məmmədova Laləyə söz verildi.2016-cı ilin aprel döyüşlərindən artıq 6 il keçir. Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir. Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində daha bir şərəfli qələbə kimi yaddaşlarda qalıb. Tarix boyu Azərbaycan əsgəri vətəni, bir qarış torpağı uğrunda canından keçməyə hazır olub. Şəhidlik elə bir zirvədir ki, o hər insana nəsib olmur. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Daha sonra Seyidlər kənd tam orta məktəbin Tarix müəllimi Mehdiyeva Sübhanə qeyd etdi ki,tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs Vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir. Şəhidlər bizim həm qürur yerimiz, kədərimiz, tariximiz, həm də qalibiyyətimizdir. “Vətən sağ olsun”, - deyib balasını torpağa əmanət edən, övladının tabutunun üzərindəki bayrağı qoxlayıb sanki qoxusunu ondan alan analar, atalar... Biz sizin qarşınızda baş əyirik! Tədbirdə məktəb şagirdləri Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə şeirlər söylədilər.