Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azad Şuşa” mövzusunda tədbir keçirilib

06.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı “Azad Şuşa” mövzusunda tədbir keçirdi.

Tədbirdə Əhməd Cavad adına 2 №-li tam orta məktəbin 3-cü sinif şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gulər Ellazova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışında dilbər guşəmiz Şuşanın tarixindən bəhs etdi. O, qeyd etdi ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənah Əli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə isə Qarabağ xanlığı daha da gücləndi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

Gəncə MKS-nin 16 №-li kitabxana filialının kitabxanaçısı Tünzalə İsmayılova və Əhməd Cavad adına 2 №-li tam orta məktəbin müəllimi Könül Rəşidova çıxış edərək bildirdilər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Şuşa fatehləri, qazilərimiz, şəhidlərimiz Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacaq.

Sonra şagirdlər “Qarabağın incisi Şuşa xalçası” və “Azad Şuşa” videoçarxını izlədilər.

 

226.5 KB

 

142.3 KB

 

168 KB