01.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 31.03.2022-ci il tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Erməni vəhşiliyinin mart səhifəsi" başlıqlı onlayn(zoom proqramı vastəsilə) tədbir keçirdi. Tədbir 31 Mart Soyqırımında həlak olmuş günahsız insanların ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu. Böyük kitabxanaçı Günel Əliyeva tarixi keçmişə nəzər salaraq, 31 Mart Azərbaycanlıların Soyqırımının tarixi məqamlarını qısaca olaraq tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, 1918-ci il 31 Mart Azərbaycanlıların başına gətirilən soyqırım 31martdan başlayaraq 3 aprel tarixinə qədər törədilmiş cinayət faktıdır. Qısa zaman kəsiyində törədilmiş soyqırım çox böyük vandallıqla həyata keçirilmişdir. Bakıda erməni kilsəsində baş vermiş atəş səsi ilə başlanan terror, daha sonra havadan hərbi qırıcı təyyarələrlə, gəmilərdən açılan iri çaplı silahlarla şəhərləri bombarduman atəşinə tutmuşdular. Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Soyqırım Bakı ilə yanaşı Şamaxıda, Qubada və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla,amansızcasına törədilmişdir. Ermənilər vəhşicəsinə evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Həmçinin Milli memarlıq incilərini, məktəbləri, məscid və digər tarixi abidələri dağıtmışdılar. Onların bu cür məkirli cinayətləri uzun illər boyunca azərbaycanlılara qarşı ard-arda törədilmişdir.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Gəncə Təşkilatının sədri, qazi, politoloq Qasımov Bəyənat, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin baş məsləhətçisi, şair, yazıçı Aləmzər Əlizadə, Göygöl rayon Köşkü kənd tam orta məktəbin direktoru, tarix müəllimi Eldəniz Səttarov, Xocalı məktəbinin tarix müəllimi Rauf Mirzəyev, Göygöl Gənclər Evinin metodisti Qoşun Nəsirov, Fərəh İctimai Birliyinin rəhbəri İlqar Hümbətov, Kəpəz Bələdiyyəsinin üzvü, Yeni Azərbaycan Partiyasının sədr müavini Ümid Şükürov, Gəncə Dövlət Universitetinin "Tarix" kafedrasının tələbələri çıxış etdilər. Hər bir iştirakçı çıxışında ermənilərin azərbaycanlılara qarşı törədilən soyqırımlarının uzun keçmişə təsadüf etdiklərini xüsusu vurğuladılar. Qeyd etdilər ki, bu tarixin yad edilməsi, tarixi həqiqətləri düzgün şəkildə gələcək nəsillərə təbliğ etmək, günahsız insanlarımızın ruhlarını ehtiramla yad etmək hər birimizin mənəvi borcudur. Azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarını hər kəs əlindən gəldiyi qədər təbliğ etməlidir ki, dünya arenasına öz haqq səsimizi çatdıra bilək.
Böyük Kitabxanaçı Günel Əliyevanın səsləndirdiyi xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeiri ilə tədbir yekunlaşdı.