31.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirimiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 31.03.2022-ci il tarixində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixi yaddaşımızdan silinməyən iz” adlı informasiya saatı keçirdi. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri filialın böyük kitabxanaçısı Kifayət Məmmədova açdı və qeyd etdi ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 104 il ötür. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmişdilər. On minlərlə azərbaycanlı qılıncdan, süngüdən keçirilmiş, diri-diri yandırılmışdır. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışdılar. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə, İrəvanda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdi. Xalqımıza qarşı törədilmiş bu cinayəti heç vaxt unutmayacaq, onların xatirəsini daim yaşadacağıq. 2 saylı filialda “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı sərgi nümayiş olundu. Tədbirdə filialın oxucuları iştirak etdilər.