16.03.2022
15.03.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində " Yurdumuza Bahar Gəlir" adlı bayram şənliyi təşkil edildi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə Baş məsləhətçisi Əliyev Süleyman, MİHİ Samux rayon Komitəsinin sədri Hüseynova Maviyə, Samux şəhər Uşaq Musiqi Məktəbinin kollektivi, Samux rayon MKS-nin kollektivi, Samux rayon Ağsaqqallar Şurasının sədri Bayramov Gəray, Samux rayon Ağsaqqallar şurasının üzvü şair Yusifov Xasay və Samux rayon 1 saylı məktəb liseyinin 4a sinif şagirdləri də iştirak etdilər.
Tədbirin açılışında Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş məsləhətçisi Əliyev Süleymana verildi. O, tədbir iştirakçılarını salamladı,onları bayram münasibətilə təbrik etdi və çıxışında bildirdi ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Sonra isə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif də iştirakçıları bayram münasibətilə təbrik etdi, həyatlarında uğurlar, bol ruzi və əmin-amanlıq arzuladı.
Tədbirdə yazın gəlişi ilə bağlı Bahar qızının çıxışı hər kəsdə sevinc hissi doğurdu. Novruzun əsas atributlarından olan keçəl və kosanın sərgüzəştləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı, məclisə xoş abu-hava bəxş etdilər. Tədbirdə Baharın gəlişinə aid şeirlər, mahnılar, və məktəblilərin hazırladığı duzlu-məzəli çıxışlar və şən rəqslər tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəximizin nümunələri və şirniyyatlar, adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib. Mədəniyyət Mərkəzinin Haxışda folklor qrupunun hazırladığı Novruza aid haxıştaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Sonra bayram tonqalı yandırılıb.Tədbir tonqal ətrafında milli rəqslərimizin ifası ilə sona çatdı.