27.03.2018
27.03.2018 - ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana
filialı Bülbül adına 3 saylı musiqi məktəbi ilə birlikdə, Xalq artisti, müğənni Rübabə Muradovanın anadan olmasının 85 illiyinə həsr olunmuş “ Ruhumuzu oxşayan səs ” adlı musiqi saatı keçirtdi. Musiqi duyumlu fəal oxucular və musiqi məktəbinin kollektivinin iştirak etdiyi tədbiri kitabxananın müdiri Natella Hacıyeva açdı. O, XX əsr Azərbaycan musiqisinin ən güclü səslərindən olan Rübabə Muradovanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, öz ecazkar səsi ilə könülləri fəth edən Rübabə Muradova 1933 – cü il martın 22 – də Ərdəbildə molla Xəlilin ailəsində dünyaya göz açmış və yeniyetmə yaşlarında sənəti ilə əlaqədar ailəsiylə birlikdə Bakıya köçmüşdür. Müğənni Azərbaycan musiqi ifaçılığı sənətindəki xidmətlərinə görə “ Şərəf nişanı ” ordeni ilə təltif edilmiş, “Xalq artisti” adına layiq görülmüşdür, 28 avqust 1983 – cü ildə Bakıda vəfat etmişdir. Musiqi məktəbinin şöbə müdiri Svetlana Əsgərova, vokal müəllimi Samirə Məmmədova çıxış edərək, müğənni Rübabə Muradovanın yanıqlı səsi, acı taleyi,vətən nisgilli mahnıları haqqında danışdılar. Tədbirdə musiqi məktəbinin vokalistləri “Qaragilə”, “Heydərbaba” , “Anacan” və s. mahnılarını ifa etdilər. Tədbirin sonunda Natella xanım qeyd etdi ki, payına cəmi 50 il ömür düşən müğənninin bizə verdiyi bəxşiş - yanıqlı səsi, avazı daha uzunömürlü oldu.