03.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 03.03.2022-ci il tarixində Yazıçı Kərimov Fərman İsmayıl oğlunun (Fərman Kərimzadə) anadan olmasının 85 illiyi (03.03.1937-17.03.1989) ilə əlaqədar “Xudafərin körpüsü” əsərinin müzakirəsi keçirildi.
Tədbirdə 1 saylı kitabxananın kollektivi ilə birlikdə Gəncə şəhər 4 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. 1 saylı kitabxananın böyük kitabxanaçısı Lalə Kərimzadə tədbiri açaraq yazıçı Fərman Kərimzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi. O, qeyd etdiki tarixi romanlar ustası Fərman Kərimzadənin “ Xudafərin körpüsü” romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınmışdır. Romanda, həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılmışdır. Daha sonra 4 saylı məktəbin tarix müəlimi Əfsanə Sadıqova öz çıxışında bildirdi ki, Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyğun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı, həm də bir xalq, el adamıdır. O, düşüncə, arzu və istəkləri ilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir. Əfsanə Sadıqova Fərman Kərimzadənin “Xudafərin Körpüsü” romanının bu gündə gənclər tərəfindən maraqla oxunduğunu bildirdi.