03.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın oxu zalında 3 Mart Ümumdünya Yazıçılar günü ilə əlaqədar müxtəlif müəlliflərin ədəbiyyatlarından ibarət “Kitab bəşəriyyətin ən böyük kəşfidir” adlı kitab xülasəsi keçirildi. Tədbiri təşkil edən böyük kitabxanaçı Əfsanə Bağırova Cəfər Cabbarlının seçilmiş əsərlərinin I,II,III cildlərinin, İlyas Əfəndiyevin 7 cildlik kitabının I cildinin və Əfzələddin Xaqaninin seçilmiş əsərlərinin qısa xülasəsini verdi. O, Cəfər Cabbarlının seçilmiş əsərlərinin I cildinin böyük söz ustasının şeirlərindən, əfsanəvi mоtivlər əsasında qələmə aldığı “Qız qalası” pоemasından, eləcə də hekayələrindən, II cildinin ötən yüzilliyin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin Aydınlığa çıхmasında, pеşəkar tеatrın püхtələşməsində, yеni aktyor nəslinin yеtişməsində əhəmiyyətli rol oynayan “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və s. pyеslərindən, III cildinin yazıçının yaradıcılığının son mərhələsində qələmə aldığı dram əsərlərindən ibarət olduğunu bildirdi.
Daha sonra Ə.Bağırova XXəsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevin yeddi cildlik seçilmiş əsərlərindən söz açaraq əsərlərin birinci cildinə ədibin əlli beş il müddətində yazdığı oxucuların böyük rəğbətini qazanmış ,daima onların diqqət mərkəzində olmuş, dəfələrlə nəşr edilmiş , radio və televiziyada səhnələşdirilmiş, bir çox xarici dillərə tərcümə olunmuş hekayələrinin toplandığını qeyd etdi.
Sonda isə Ə. Bağırova dünya şöhrəti qazanmış söz ustadlarından olan, "Divan" və"Külliyyat"müəllifi Əfzələddin Xaqani Şirvaninin Seçilmiş
əsərlərinə daxil edilmiş qüdrətli şairin ölməz ədəbi irsinin böyük bir hissəsini təşkil edən "Töhfətül-İraqeyn"əsərindən, ruhu oxşayan lirik qəzəllərindən, fəxriyyə, mədhiyyə və fəlsəfi qəsidələrindən, zəmanə və zəmanə əhlindən şikayətlərindən, qitə və rübailərindən, özü və əsil-nəsəbi haqda yazdığı şeirlərindən danışdı.