02.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 02.03.22-ci ildə Azərbaycan yazıçısı, şair, dramaturq Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsinin müzakirəsi keçirildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq ilk növbədə XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş ədib haqqında ətraflı məlumat verdi. Bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, Azərbaycan ədəbiyyatına zəngin töhfələr vermişdir. Onun zəngin və təkrarsız ədəbi irsi, nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti hər kəsin diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır. Sonra yazıçının yazdığı “Aslan və Fərhad” hekayəsi müzakirə olunaraq qeyd olundu ki, hekayədə iki doğma insanın bir-birlərinə qarşı göstərdikləri ədalətsizlik, vicdansızlıq, nifrət və zalımlıq çox aydın şəkildə göstərilmişdir. Məktəblilər bir ailənin keçirdiyi acınacaqlı həyat tərzini, iki qardaş və bacının münasibətlərini, böyük qardaş Aslanın mərhəmətli, qeyrətli və səxavətli olmasını, kiçik qardaş Fərhadın isə böyük qardaşa olan xəyanətini, ona olan çirkin fikirlərini, bacı Züleyxanında bu münasibətlərə qurban getməsini və sonda isə bir ailənin faciəli şəkildə məhv olmasını müzakirə etdilər. İki qardaşın görüş səhnəsinin müzakirəsi isə daha maraqlı və yaddaqalan oldu.Tədbirin sonunda isə iştirakçılar Cəfər Cabbarlının əsərlərindən ibarət “Bədii həqiqətlər ustası”adlı kitab sərgisi ilə tanış oldular. Tədbirdə Gəncə şəhər 6№-li məktəbin VII sinif şagirdləri iştirak etdilər.