26.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 26 fevral tarixində Xocalı soyqırımına həsr olunmuş “Xocalı qan yaddaşımızdır” adlı ənənəvi tədbir keçirdi.
Tədbirdə Xocalı soyqırımında həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə öz çıxışında erməni vandalların Xocalı sakinlərinə verdiyi ağır işgəncələrdən,törətdikləri vəhşiliklərdən söz açdı.Qeyd etdi ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Daha sonra Seyidlər kənd tam orta məktəbin Tarix müəllimi Mehdiyeva Sübhanə bildirdi ki, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Ermənistan silahlı qüvvələrinin qabaqcadan hazırlanmış planı əsasında həyata keçirdiyi soyqırımda xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 613 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, Xocalının tamamilə yerlə yeksan olunması əsas sübutdur.
Tədbirin sonunda məktəb şagirdləri Xocalı soyqırımına aid çıxışlar etdilər və şeirlər söylədilər.