28.03.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2018-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə müvafiq Sərəncamının icrası ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İlqar Əsgərov cənab prezident İlham Əliyevin sözləri ilə başlayaraq qeyd etmişdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətillər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktor əvəzi Xəyyam Quliyevdə çıxış edərək, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etmişdir.
Sonda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.