24.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Bəşəriyyətə qarşı törədilmiş cinayət” mövzusunda anım günü keçirdi. Tədbirdən əvvəl Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi.
Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri, Xocalı faciəsinin şahidi, Əhməd Cavad adına 2 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbirdən əvvəl Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova öz çıxışında qeyd etdi ki, bəşəriyyət tarixində ən qanlı cinayət ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya bir neçə istiqamətdən hücum edən erməni silahlı birləşmələri öz qəddar əməllərini və insanlığa sığmayan vəhşiliklərini şəhərdə köməksiz qalmış uşaqlar və qadınlar, ahıl qocaların üzərində nümayiş etdirdilər. Xocalı təhsil şöbəsinin metodisti, Kərkicahan qəsəbəsi tam orta məktəbinin müəllimi, təhsil eksperti, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, Xocalı faciəsinin canlı şahidi Aliyə Abışova tədbir iştirakçılarına hələ 9 yaşında olarkən, o faciə gecəsi özünün və yaxınlarının başına gələn ağır hadisələrdən bəhs etdi. O, qeyd etdi ki, erməni quldur dəstələrinin ağlasığmaz vəhşilik və qəddarcasına dinc sakinlərə necə işgəncələr verməsini biz Xocalı şahidləri heç bir zaman unutmayacağıq.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etdi ki, XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Həmin faciədə uşaq hüquqları kobudcasına pozulub, onların yaşamaq hüququ əllərindən alınmışdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 63 uşaq qətlə yetirilmiş, girov götürülmüş 26 uşağın taleyi hələ də məlum deyil. Bu faciədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, kiçik elmi işçisi Dursun Əliyeva və Əhməd Cavad adına 2 №-li tam orta məktəbin müəllimi Könül Rəşidova çıxış edərək bildirdilər ki, bu faciənin baş verməsindən yalnız iki il sonra bu bəşəri cinayət öz qiymətini aldı. Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Sənəddə faciənin başvermə səbəbləri, günahkarların adları təfsilatı ilə açıqlandı. Ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Xalqımız şəhid olmuş soydaşlarımızı daim yad edəcək, onların xatirəsini həmişə əziz tutacaq.
Şagirdlər Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Sonda Gəncə şəhər MKS-nın16 №-li kitabxana filialının təşkil etdiyi Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildi.