24.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 24.02.22-ci ildə Gəncə şəhər K.D.Uşinski 29 nömrəli orta məktəbdə yazıçı-jurnalist Xocalı şahidi Səriyyə Müslümqızının “Xocalı uşaqları-Qan içində qar çiçəyi”, “Dünya susmasın gərək”kitablarının təqdimatını keçirtdi. Tədbir Xocalı faciəsində həlak olanların ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başladı. Şöbənin müdiri Ellada Rəhimova əvvəlcə Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi bu terror aktı amansızlığına və qəddarlığına görə tarixə qorxulu soyqırım aktı kimi daxil olmuşdur. Xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı soyqırımı yaxın tariximizn ən faciəli səhifərindən biridir. Sonra uşaq kitabxanasının fondunda yer alan yazıçı-jurnalist Səriyyə Müslümqızının “Xocalı uşaqları-Qan içində qar çiçəyi”, “Dünya susmasın gərək”kitablarını təqdim etdi. Qeyd olundu ki, hər iki kitab Bakıda“Yazıçı” nəşriyyatında 2013,2015-ci illərdə, 120 və 60 səhifədən ibarət olaraq Azərbaycan və ingilis dillərində “Xocalı uşaqları-Qan içində qar çiçəyi” həmdə rus dilində, rəngli fotoşəkillərlə nəşr olunmuşdur. Faciənin canlı şahidi olan vətənpərvər yazıçı hər iki kitabda Xocalı faciəsini bütün xırdalıqlarına qədər göstərərək bu böyük dərdi,ağrını sanki ürəyinin qanı ilə yoğuraraq yazmışdır. Iştirakçılar tərəfindən maraqla qarşılanan kitab təqdimatında məktəbin müəllim və şagirdləri Xocalı faciəsi haqqında öz fikirlərini bildirərək qeyd etdilər ki, bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı xalqımızın ürəyinə vurulan, heç zaman sağalmayan, qaysaqlamayan və zaman-zaman dərinləşərək dövr edən bir yaradır. Sonda həmçinin şagirdlər faciədən bəhs edən şeirlər söylədilər və tədbirin təşkili üçün məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Vüsalə müəlliməyə təşəkkür olundu.