23.02.2022
21 fevral 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxana, Heydər Əliyev Mərkəzi və Şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Xocalı faciəsinin canlı şahidləri ilə görüş keçirildi. Əvvəlcə "Qisasın alındı, Xocalı!" adlı kitab sərgisinə baxış keçirildi. Sonra Xocalı şəhidlərinin, habelə xalqımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açdı. Xocalı şəhər sakinləri Nazənin Həsənova, Qaryağdı Quliyev, Xalidə Həsənova faciənin canlı şahidləri olaraq, keçirdikləri ağrılı-acılı günlərin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Qasımova faciənin təfərrüatlarını tarixi faktlarla qeyd etdi. Sonda Goranboy şəhər 2 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr edilmiş şeir parçaları səsləndirdilər.