22.02.2022
21.02.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində Xocalı Soyqırımının 30 illiyi münasibətilə pandemiya şəraiti nəzərə alınaraq masa ətrafında “Xocalının fəryadı” adlı tədbir keçirildi. Tədbirdə rayon mədəniyyət evinin işçiləri iştirak etdilər.
İlk öncə Xocalı şəhidlərinin timsalında şəhidlərimiz bir dəqiqəlik sükutla yad edil-di.
Rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək bildirdi ki, Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Rayon mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək qeyd etdi ki, fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Sonda şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr dilənildi.