22.02.2022
21.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi kənd filialları ilə birgə "Beynəlxalq Ana Dili günü"nə həsr olunmuş videokonfrans keçirdi.Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, çıxışında Beynəlxalq Ana Dili Günün tarixi haqqında geniş məlumat verdi və qeyd etdi ki, dünyada məhv olmaq təklükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Əliyev Süleymana verildi. O, çıxışında qeyd etdi ki, Dil hər bir millətin maddi - mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Daha sonra Lək kənd Sənətkarlıq evinin müdiri Nəbiyev Cahangirə söz verildi. O, qeyd etdi ki, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək,dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə- diplomatiya aləminə yol açması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi Ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib.Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. Ulu Öndər Heydər Əliyev irsinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.
Tədbir Ana dilimizə həsr olunmuş şeir nümunələrinin səsləndirilməsi ilə başa çatdı.