21.02.2022
Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının təşkilatçılığı ilə Gəncə şəhər K.D.Uşinski adına 29 №-li tam orta məktəbdə Beynəlxalq Ana Dili günü münasibətilə “Əsrlərin yadigarı ana dilim” adlı tədbir keçirdi.
Tədbirdə Gəncə şəhər K.D.Uşinski adına 29 №-li tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının Beynəlxalq Ana Dili günü ilə əlaqədar hazırladığı sərgi nümayiş olundu.
Tədbiri məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova açaraq qeyd etdi ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva çıxışında bildirdi ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli Lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsdiq edildi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova çıxış edərək qeyd etdi ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilmişdir. Kökü çox-çox qədimlərə gedib çıxan Azərbaycan dilinin də formalaşması tarixi vardır. Dilimizin daima təmasda olduğu türk dilləri içərisində ədəbi, ictimai-siyasi, ideoloji mövqeyinin tarixi mərhələlərə uyğun şəkildə möhkəmləndirilməsi onu zəngin əsaslar üzərində formalaşan dil kimi səciyyələndirir.
Çıxışından sonra böyük kitabxanaçı Mirvari Cəfərova sərgidə nümayiş olunan kitablarla iştirakçıları tanış etdi.
Tədbirin sonunda məktəbin şagirdləri ana dilinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin Ana dili bağlı çıxışlarından ibarət video-çarx nümayiş olundu.