17.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 17.02.22-ci il tarixində 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar olaraq “Əziz Şuşa, sən azadsan!” adlı söhbət keçirildi.Tədbiri Uşaq şöbəsinin müdiri Ellada Rəhimova apararaq qeyd etdi ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan nadir və təkrarasız incilərindən biri, Azərbaycan xalqı üçün son dərəcə müqəddəs və əziz olan yurd yeridir. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyidir. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. 2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edərək, şanlı qələbə ilə sona çatan Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun bu qədim yurd yerini xilas etməklə böyük zəfərə imza atdı. Qarabağın tacı olan Şuşanı azad edən qəhrəman Azərbaycan oğulları 30 ildən sonra böyük peşəkarlıq və cəsarət göstərərək dağlardan, meşələrdən, cığırlardan keçərək, yalnız yüngül silahlarla silahlanmış şəkildə azad etdi. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu. Beləlillə Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə yazıldı. Sonda məktəblilərin fikirləri dinlənildi və mövzu ilə əlaqədar video-çarx nümayiş olundu. Tədbirdə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin bir qrup şagirdləri iştirak etdilər.