04.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 04.02.22-ci il tarixində yazıçı Çinarə Köçərlinin “44 gün Qarabağda” kitabının təqdimatı keçirildi. Ilk növbədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad olundu.Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova əvvəlcə qeyd etdi ki, 44 gün davam edən və Azərbaycanın böyük qələbəsi ilə başa çatan vətən müharibəsində tarix yazan qəhrəman ordumuzun əsgər və zabitləri Azərbaycanın haqq uğrunda mübarizə apararaq , əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızı düşməndən azad edərək böyük qəhrəmanlıq və şücaət göstərdilər. Sonra “44 gün Qarabağda” kitabını təqdim edərək bildirdi ki, 2021-ci ildə Bakıda “Ting” nəşriyyatı tərəfindən 112 səhifədən və 16 hekayədən ibarət olaraq nəşr olunan kitab real hadisələrə əsaslanaraq müxtəlif yaşlı uşaqların ata, əmi,dayı və qardaşlarının vətən müharibəsindəki qəhrəmanlıqları və döyüş yolundan bəhs edən hekayələr toplanmışdır. Müharibədə əsgər və zabitlərin başına gələnlər uşaqların dili ilə anladılmışdır. Rəngli illüstrasiyalarla təsvir olunan hekayələrdən əlavə,həmçinin kitabda döyüşün baş verdiyi ərazilər-işğaldan azad edilən rayonlar, oradakı tarixi məkanlar, texnikalar, silahlar da təsvir edilmişdir. İştirakçılara həmçinin məlumat verildi ki,“44 gün Qarabağda” kitabı üç cilddə nəzərdə tutulmuşdur. Tədbirdə Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdləri iştirak etdilər.