Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirildi

15.03.2018

Martın 15-də Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirildi. Tədbirdə Turizm Şurasının Sağlamlıq turizmi üzrə İşçi qrupunun üzvləri, ölkənin sağlamlıq turizmi sektorunun nümayəndələri iştirak edirdi.

İclasda giriş sözü söyləyən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin turizm potensialı haqqında məlumat verdi. Bildirdi ki, sağlamlıq turizmi sahəsində geniş tanınan Naftalan nefti ilə müalicə son illər daha da məşhurlaşmaqdadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına öz təsirini göstərir. Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onlarında 7 mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşı olub.

Tədbirdə geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı. Vurğuladı ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas yerlərdən birini tutan turizm sənayesi daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd olundu ki, son bir neçə ildə turizm sənayesində həyata keçirilən tədbirlər, o cümlədən ölkə başçısının 1 sentyabr 2016-cı il tarixli “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı, 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası bu sahədə yeni mərhələnin başlanğıcını qoymuş oldu. 2017-ci ildə Azərbaycan Respublikası Turizm Şurasının fəaliyyətə başlaması da bu sahədə aidiyyəti qurumların işinin əlaqələndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Əbülfəs Qarayev ölkəmizdə, digər turizm növləri kimi, sağlamlıq turizminin də böyük potensialının olduğunu bildirərək qeyd etdi ki, bu turizm növünün inkişafı etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb. Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələri var: "Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Naftalanda, Qalaaltıda, Qəbələdə, Naxçıvanda və Lənkəranda yeni infrastruktur yaradılıb. Bu istiqamətdə fəaliyyət, eyni zamanda Xızı-Xaçmaz, Quba və Qusar rayonları ərazisində turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlər davam etdirilir".

Diqqətə çatdırıldı ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”nın layihəsi hazırlanıb.

Qalaaltı, Naftalan və Duzdağda yenidənqurma işlərindən işlərdən danışan nazir əlavə etdi ki, Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan

keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Eləcə də Qalaaltı və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər həyata keçirilir. Beynəlxalq sertifikatlar ölkənin bu sahədə imkanlarının daha geniş miqyasda tanınmasına və xaricdən turist axınına təkan verəcək.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Naftalan neftinin institutda tədqiq olunması, nəticələri və müalicə əhəmiyyəti barədə çıxış etdi. Akademik Naftalan neftinin tərkibi, onun müalicəvi əhəmiyyəti haqqında geniş məlumat verdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Abil Ağasiyev Azərbaycanın sağlamlıq turizminin imkanları, o cümlədən Qalaaltı, Naftalan və Duzdağın potensialı barədə geniş məruzə etdi.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizin bu sahədə imkanlarının təşviq olunması, beynəlxalq aləmdə tanıdılması ilə bağlı görülən işlər haqqında danışdı.

Tədbir daha sonra fikri mübadiləsi ilə davam etdi, müxtəlif təkliflər səsləndirildi.