01.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı II Qarabağ müharibəsi şəhidi Bayramov Orxan Surxay oğlunun anadan olduğu günlə əlaqədar olaraq “Şəhidlər unudulmur” başlığı altında tədbir keçirtdi. İlk öncə şəhidin dəfn olunduğu Gəncə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olundu. Qəbri üzərinə gül-çiçək dəstələri düzüldü. Nur üzlü şəhidin xatirəsi anılıb, ruhuna dualar oxundu. Sonra tədbir iştirakçıları şəhidin valideynlərinin yaşadığı ünvanı da ziyarət etdilər. Tədbir iştirakçıları şəhidin keçdiyi qısa amma şərəfli ömür yolundan danışdılar. Şəhidin atası Surxay Bayramov, anası Rəzmiyyə Rüstəmova və qardaşları ağırda olsa Orxanla fəxr etdiklərini dedilər. Tədbirdə Orxan Bayramovun yaxın qohumu Gəncə şəhər 21 saylı pilot tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Rüstəmov şəhidin ruhuna xüsusi ehtiram əlaməti olaraq hərbi paltarda iştirak etdi.
Qeyd edək ki, II Qarabağ müharibəsi şəhidi Bayramov Orxan Surxay oğlu 29 yanvar 1993-cü ildə Gəncə şəhərində doğulmuşdur. 1999-cu ildə Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olmuşdur. Təhsilini 2008-2011-ci illərdə 3 nömrəli Peşə liseyində davam etdirmişdir. 2020-ci il iyul ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Orxan Bayramov xidmət etdiyi hərbi hissənin tərkibində Vətən müharibəsinə qatılaraq, Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. 3 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Bayramov Orxan Surxay oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.