28.01.2022
28.01.2022 - ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda Şəhidlik zirvəsinə ucalan Samux rayon sakinləri Babək Məxsus oğlu Cəfərov və Seymur Səlyəddin oğlu Bəylərovun anım günlərinə həsr olunmuş onlayn video konfrans keçirildi.
Tədbirdə ilk açılışı Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, tədbir iştirakçılarını salamladı və 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında geniş məlumat verdi. Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda, şüurlu surətdə öz canlarından keçən insanlardır. Bunlardan biri də Babək Cəfərərov idi. Azərbaycan Ordusunun əsgəri olan Babək Cəfərov 15 avqust 1991-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ailəli idi, 2 övladı yadigar qaldı. Babək Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-da Füzuli istiqamətində ağır yaralanıb tibb müəssisəsinə yerləşdirilib. Lakin aldığı yaralar ağır olduğundan bir neçə ay sonra şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Sonra söz Samux rayon Qiyaslı kənd klubunun müdiri Bülbül Kərimovaya verildi. O, da iştirakçıları salamlayaraq bildirdi ki, torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır. Şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilməz. Bu zirvələrdən biri də Seymur Bəylərovun talehinə yazılmışdır. Qarayeri qəsəbəsində dünyaya göz açan bu qəhrəmanımız da döyüşlər zamanı igidlik göstərərək öz yoldaşları arasında hörmət qazanmışdır. 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra verilmiş döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.