19.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Mir Cəlal Paşayev Ev Muzeyi və 16 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 18 yanvar 2022-ci ildə 20 yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş "20 Yanvar Şəhidləri" adlı ədəbi-bədii gecə keçirildi. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra muzeyin Elmi işçisi Tağıyeva Ellada "20 Yanvar Şəhidləri" adlı mühazirə ilə çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib , dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Fövqəladə vəziyyət elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib ,20 nəfəri ölümcül yaralayıb . Beləliklə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb , 744 nəfər yaralanıb.1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi " adlanır. Ümumilikdə Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" vardır. Şəhidlər bizim qürur mənbəyimiz və azadlıq yolumuza şölə saçan işığımızdır. Daha sonra 16 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Tağıyeva Nuray , Məmmədova Zəhra , Şükürov Elman , Ramazani Xankişi şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər. Şəhidlik zirvəsinin ucalığının gənc nəslə aşılanması və vətənpərvər ruhunda böyüməsi bu günki tədbirin əsas ideyası oldu. Azərbaycanın bütövlüyü və azadlığı uğrunda canından keçmiş bütün oğul və qızlarımızın ruhu qarşısında baş əyirik !