12.01.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylinin anadan olmasının 145 illiyi ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Xudadat bəy Rəfibəyli-145” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. O ilk öncə tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, xalqımızın milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olan görkəmli dövlət xadimi Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyov 1877-ci il yanvar ayının 12-də Gəncədə dünyaya gəlib. Böyük bir nəslin nümayəndəsi olan Xudadat bəyin təhsilinə valideynləri xüsusi qayğı ilə yanaşmışlar. Gəncə mahalının sayılıb-seçilən ağsaqqallarından olan, müxtəlif vəzifələrdə çalışıb, maarifçi və xeyriyyəçi kimi də fəaliyyət göstərən Ələkbər bəy onun ziyalı kimi yetişməsinə çalışmışdır.
Tədbirdə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin tarix müəllimi Tükəzban Əsgərova, məktəbin kitabxana müdiri Aynur Rzayeva, 9-cu sinif şagirdləri Qəzənfər Əhmədov, Kamran Həsənzadə, Rəfibəylilər nəslindən olan Mədinə Rəfizadə çıxış etdilər. Çıxışçılar xeyirxah, ədalətli, nüfüzlu bir insan olan Xudadat bəy Rəfibəylinin həyat və fəaliyyəti haqqında danışdılar. Sonda tədbir iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Xudadat bəy Rəfibəyli-145” başlığı altında hazırlanmış videoçarxı izlədilər.