30.12.2021
29.12.2021-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi irsinin tərcüməsi şöbəsinin baş elmi işçiləri Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva və Filologiya elmləri üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun "Nizami Gənvəvi ili"ndə çapdan çıxan kitablarının onlayn təqdimatını keçirdi.
Tədbiri giriş sözü ilə açan filialın müdiri Rahilə Qasımova Dahi Nizami Gəncəvinin dünya şöhrətli bir sənətkar və dünya poeziyasının günəşi olmasından bəhs etdi. Onu da qeyd etdi ki, bu il hər iki alim üçün çox səmərəli il olmuşdur. Əlbətdə ki, bu onların neçə illik gərgin əməyinin nəticəsidir. Bu isə Şeyx Nizami Gəncəvi yurdunda yaşayan, Nizami irsini araşdıran ziyalıların mənəvi borcudur. Tədbirdə Filologiya elmləri doktoru AMEA-nın Nizami Gəncəvi adına ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Xuraman Hümmətova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Gəncə Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova, Yazıçılar Birliyinin üzvü, Gəncə Yazıçılar bölməsinin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, AMEA-nın Gəncə bölməsi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Vüsalə Hüseynova çıxış etdilər. Çıxış edənlər hər iki müəllifin kitabları haqqında ətraflı məlumat verdilər və bu kitabların gələcək nizamişünaslar yetişməsində mühüm rol oynaya biləcəyindən danışdılar. Onların əməyi yüksək qiymətləndirilərək Mədəniyyət Nazirliyi tərəfindən "Nizami"nişanı və AMEA-nın rəyasət heyəti tərəfindən fəxri fərman ilə təltif edilmişlər. Tədbirdə 19 saylı orta məktəbin 5 sinif şagirdləri Aysel Əlizadə və Gülüzar Namazova Aləmzər Tağıyevanın "Калейдоскоп жизни" kitabından şeirlər söylədilər. 4 saylı Uşaq musiqi məktəbinin şagirdi Sübhan İsmayılov "Bu torpağa borcluyam" mahnısını ifa etdi. Onu müəllimi Vüqar Bağırov fortepianoda müşayət etdi. Sonda hər iki alimin yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirildi.