Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Naxışlarda əbədiləşən ömür” adlı elmi-praktiki konfrans keçirilib

28.12.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında ömrünü xalqımızın mədəniyyət tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş, Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Müseyiboğlu Əliyevin 100 illik yubileyi münasibəti ilə “Naxışlarda əbədiləşən ömür” Adlı elmi-praktiki konfrans təşkil edildi. İlk öncə hərbirimizin Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edildi.

            Tədbiri MKS-nin direktor əvəzi Fəridə Qədimova açaraq iştirakçıları salamlayaraq Azərbaycan, eləcə də dünya xalçaçılıq sənətində öz yeri,  məktəbi olan, yenilikləri ilə ona rövnəq verən, İstiqlal ordenli, professor Kamil Əliyev haqqında məlumat verdi:

            “Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyət tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib”...

         Sonra çıxış üçün söz, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, yazıçı, dramaturq Xəzangül Hüseynovaya verildi:”Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib”...

            Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, xalçaçı Pərvin Kazımov Kamil Əliyev haqqında geniş məruzə ilə çıxış edərək bildirdi: “Azərbaycanın xalçaçı-rəssamı olaraq tarixə iz salmış Kamil Əliyev şaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə töhfələrini vermişdir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz sənətkarın Azərbaycan rəssamlıq sənətində, xüsusilə də, xalçaçılıqda məxsusi yeri var. 1921-ci ildə Oğuz yurdu Qərbi Azərbaycanda, İrəvan xanlığının mərkəzi İrəvan şəhərində Əliyevlər ailəsində anadan olan sənətkar uşaq yaşlarından bu sənətə meyil göstərir və bunun nəticəsi olaraq, Bakı Rəssamlıq Məktəbində, tanınmış rəssam Əzim Əzimzadədən dərs alır”...

            Respublikanın Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov da öz növbəsində professor, xalq rəssamı Kamil Əliyevin yaratmış olduğu əsərlərindən, xalça üzərində yaratdığı şah əsərlərindən maraqlı çıxış etdi. Və bütün iştirakçıları Yeni il, 2022-ci il münasibətilə təbrik edərək uğurlar arzuladı.

            Tədbirdə həmçinin Gəncə şəhər Musiqi məktəblərinin direktor və kolektivləri, kitabxananın oxucuları iştirak edirdilər.

            Sonda MKS-nin direktor əvəzi Fəridə Qədimova və belə maraqlı tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayaraq iştirakçılara tədbirdə iştirakına görə  öz minnətdarlığını bildirdi.

            Iştirakçilar tədbirin sonunda kitabxananın foyesində sərgilənmiş Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin müəllimlərinin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirdilər.

 

147.7 KB

 

133.2 KB