Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...” adlı videokonfrans keçirilmişdir.

22.12.2021

Tədbiri giriş sozü ilə Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova açaraq tədbir iştirakçılarını salamlayıb. O,  böyük sənətkarıın həyat və yaradıcılığı haqqında qısa məlumat verərək bildirdi ki, avqustun 20-də Azərbaycan muğam sənətinin böyük ustadı Xan Şuşinskinin anadan olmasının 120 ili tamam oldu: “Xan Şuşinski muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsniflər bəstələyib. Zəfərin birinci ildönümündə azad Şuşamızla bərabər Xan Şuşinskinin də yubileyini qeyd edirik. Xanəndənin “Şuşanın dağları” mahnısı Şuşanı görməyənlərdə əsrarəngiz qala-şəhərimiz haqqında təsəvvür yaradır. Bu gün ikiqat bayramdır. Böyük xanəndənin 100 və 110 illik yubileylərini Şuşasız qarşılamışdıq. Ustadın 120 illiyində artıq doğma yurdu işğaldan azad olunub. Xan Şuşinski öz ifaları ilə Şuşanın Azərbaycan mədəniyyətinin bir hissəsi olduğunu sübut edib”.

      Oxu zalının kitabxanaçısı Tərifə Abbasova sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında danışıb. Görkəmli xanəndənin həyatından danışarkən bildirmişdir ki, bu il 120 illik yubileyi olan sənətkar hələ 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xanın üslubu, yolu ilə “Kürd-Şahnaz” muğamını ifa edib. Bu ifa o qədər heyrətamiz tərzdə gözəl olub ki, müəllimi ona “Xan Şuşinski” adını verib. Xan Şuşinskinin repertuarında “Arazbarı”, “Mahur–Hindi”, “Bayatı-Qacar”, “Qatar” dəsgahları, “Qarabağ şikəstəsi”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub.

     Tədbirdə Samux Heyd Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək, Xan Şuşinski yaradıcılığını Azərbaycan muğam ifaçılığının özünəməxsus zirvəsi kimi xarakterizə edib. Onun sənətinin şəxsiyyətini, şəxsiyyətininsə sənətini tamamladığı vurğulanıb.

     Tədbirdə çıxış edən Qax rayon MKS-nin direktoru Güllü Əhmədova bildirib ki, müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində böyük şöhrət qazanıb.

     Tədbirdə şair Aləmzər Əlizadə çıxış edərək  vurğulayıb ki, səsə, sözə öz möhrünü vuran sənətkarlardan olan Xan Şuşinski bütün növ muğamların mahir ifaçısı olub. O, ritmik muğamları qeyri-adi ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh yüksəkliyi oyadırdı. Xan Şuşinski geniş səs diapazonuna malik olmaqla yanaşı, Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük şöhrət qazanıb.

Sonda direktor əvəzi Fəridə Qədimova iştirakçılara təşəkkürünü bildirdi.

 

99.2 KB