11.12.2021
10 dekabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədi yaşar liderimiz” adlı dəyirmi masa keçirilmişdir.
Tədbiri Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açdı.
İlk öncə Ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Afina Ələkbərova qeyd etdi ki, bu günkü tədbirimizi Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Ulu Öndərimizin xatirəsinə həsr etmişik.
Mədəniyyət Mərkəzinin kurs rəhbəri Rüstəm Kərimov çıxış edərək qeyd etdi ki, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti dünya ölkələri sırasında öz layiqli yerini tutmuşdur.
Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova öz çıxışında minnətdarlıqla bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ulu öndərin siyasi xəttini uğurla davam etdirir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan qədim yurd yerlərimizi -gözəl Qarabağımızı işğaldan azad etdi.
Gəncə şəhər 3 saylı kitabxana filialının işçisi Günel Kərimova çıxışında qeyd etdi ki, torpaqlarımızın azad olunmasında şəhid olan hər bir Azərbaycanlının xatirəsi bizim üçün əzizdir. Biz Ulu Öndərimizin bizə miras qoyub getdiyi müstəqil, azad ölkəmizi hər an qorumalıyıq.
Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova tədbiri yekunlaşdıraraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Tədbirdə Mədəniyyət Mərkəzinin kurs tələbələri və ərazi sakinləri iştirak etdilər.