09.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Heydər Əliyev dühasının şah əsəri – Azərbaycan” mövzusunda tədbir keçirildi. Tədbirdə K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Mərkəzin elmi işçisi Gülər Ellazova və bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdilər.
Tədbirdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan, Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün gücü olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Təsadüfü deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü, obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevdən öyrənərək, onun məsləhətlərindən istifadə etdiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı ”liderlərin lider” adlandırırdılar.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır.
Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.
Sonra şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiya ilə çıxış etdilər.
Sonda Ulu Öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olundu.