07.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” mövzusunda tədbir keçirdi. Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllim və 6E sinif şagirdləri iştirak etdilər.
Mərkəzin elmi işçisi Gülər Ellazova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi. Muzeydə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verdi.
Tədbirdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. O, öz çıxışında qeyd etdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva öz çıxışında Ulu Öndər Heydər Əliyevin Nizami yurdu Gəncəni daim diqqətdə saxlamasından bəhs etdi. O qeyd etdi ki, SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi. XX əsrin 70-80-ci illərində şəhərdə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi. Ümumilikdə Heydər Əliyevin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982 –ci illər və Azərbaycan Respublikasının prezidenti olduğu 1993-2003 cü illər.
Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.