26.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 25.11.2021- ci il tarixdə Azərbaycan muğam sənətinin korifeyi,Xanəndə Xan Şuşinskinin anadan olmasının 120 illiyi ilə əlaqədar "Azərbaycan muğam sənətinin Xanı" adlı söhbət keçirdi.Tədbiri Bülbül adına 3 saylı musiqi məktəbinin müəllimi Vəfa Əliyeva aparırdı.Müəllimə qeyd etdi ki, 1901- ci ildə Şuşa şəhərində göz açan sənətkar,adını milli musiqimizə böyük hərflərlə yazdırmağı bacardı.Şadıq ki,sənətkarın bu ilki yubileyi Şuşada,Qarabağda tarixi zəfərimizin sevinci,fərəh və qürur içində keçirilir.Söhbət əsnasında müəllimə bildirdi ki, Xan əmi 1920 -ci illərdə mədəniyyət paytaxtımıza - Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib.Xanın repertuarında "Mahur Hindi", "Bayatı Qacar", "Qarabağ şikəstəsi", "Heyratı" və s.muğamları ilə yanaşı "Şuşanın dağları", "Qara göz" və s.bəstəkar mahnıları da böyük yer tutub.Müəllimə qeyd etdi ki, hal- hazırda Xanəndənin adını daşıyan fond fəaliyyət göstərir.Fondun direktoru sənətkarın qızı Bəyimxanım Verdiyevadır.Sənətkarın irsinin qorunması və təbliğində bu fondun xidmətləri danılmazdır.Qeyd olundu ki,ömrünü xalq musiqisinin təbliğinə həsr edən Xan əmini xalqımız heç vaxt yaddan çıxarmır,unutmur, illər ötdükcə sənətkarın xatirəsi daha böyük ehtiramla yad olunur.Tədbirin sonunda mövzu ilə əlaqədar meydana çıxan suallar aparıcı tərəfindən cavablandırıldı.