17.11.2021
16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli müvafiq saylı sərəncamı ilə elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Gəncə şəhər İcra Hakimiyyətinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə noyabr ayının 15-dən start götürülmüş Nizami Gəncəvi Beynəlxalq festivalı çərçivəsində silsilə tədbirlər Gəncə Dövlət Filarmoniyasında davam etmişdir.
Festivalda Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini cənab Elnur Əliyev, Nazirliyin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri cənab Vüqar Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu cənab Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, mədəniyyət, incəsənət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Gəncə Dövlət Filarmoniyasının qarşısında Dram Teatrı aktyorlarının ifasında Nizami Gəncəvinin “Xəmsə”si motivində “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirildi.
Sonra Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada ansamblı konsert proqramı təqdim etdi.
Konsertdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini cənab Elnur Əliyevin və Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu cənab Zeki Öztürkün çıxışları olmuşdur.
Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Festival silsilə tədbirlərə davam edəcəkdir.