Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Poeziya dünyasının dahisi – Nizami Gəncəvi” mövzusunda onlayn tədbir keçirilib

13.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Samux Gənclərin İnkişaf və Karyera Mərkəzi birlikdə dahi şair, mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Poeziya dünyasının dahisi – Nizami Gəncəvi” mövzusunda onlayn tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, dahi mütəfəkkir Nizami Gəncəvinin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Məqbərə filialının müdiri Gülnara İsmayılova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verdi, Nizami Məqbərəsinin yaranma tarixindən danışdı.

Samux Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kamil Məmişov, Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək bildirdilər ki, ümumxalq sərvətinə çevrilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi öz yaradıcılığı ilə ən yüksək zirvəyə qalxmışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Nizami məqbərəsinin qorunması”, Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olmuşdur.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıAzərbaycan Respublikasının Prezident İlham Əliyevin böyük mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi şairin irsinə ehtiramın daha bir bariz ifadəsidir. Sərəncam bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiymətidir.