04.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 04.11.2021- ci il Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Əbədi ucalan bayrağımız” başlığı altında şeir gecəsi təşkil etdi.
Tədbirdə Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə açan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycanın üçrəngli Milli Bayrağı müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - cu il noyabrın 17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 - u ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağı üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş, mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng türk soyumuzu, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir. Sonra o qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir.
Sonra Gəncə MKS-nin Uşaq şöbəsinin müdiri Ellada Rəhimova və Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin müəlliməsi Xatirə Məmmədova çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Sonda tədbirdə iştirak edən şagirdlər milli bayrağa, vətənə aid şeirlər söylədilər və iştirakçılar bayraq haqqında hazırlanmış slayda tamaşa etdilər.