24.10.2021
Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında Ənvər Çingizoğlu və Aydın Ziyadlının müəllifi olduğu " İsmayıl Xan Ziyadxanov" adlı kitabının oxuculara təqdimat mərasimi oldu.
Tədbir Azərbaycan şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri açan MKS-nin direktor əvəzi Fəridə Qədimova qonaqları salamladıqdan sonra ictimai-siyasi xadim İsmayıl xan Ziyadxanovla bağlı, həmçinin Gəncənin ictimai-siyasi xadimləri ilə bağlı çıxış etdi.
Dünya poeziyasına dahi Şeyx Nizami Gəncəvi kimi korifey bir mütəfəkkir şair bəxş edən qədim və qəhrəman Gəncə şəhəri həm zəngin mədəniyyət mərkəzı kimi, həm də əvəzolumaz tarixi şəxsiyyətləri, qəhrəmanları ilə məşhurdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında , böyük nəsillərin nümayəndələri təmsil olunurdu. Onların arasında yenilməz qəhrəman Cavad Xan Ziyadoğlu Qacarın nəticəisi İsmayıl Xan Ziyadxanov da vardı.
Təqdim olunan “ İsmayıl xan Ziyadxanov” kitabı haqqında oxu zalının müdiri Aidə Abdullayeva iştirakçılara qısa məlumat verdi. 5 fəsil, 147 səhifədən ibarət olan kitabda Rusiya I Dövlət Dumasının nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri, siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyətindən bəhs olunur.
Təqdimat mərasimində yazıçı, publisist Nüşabə Əsəd Məmmədli, jurnalist, publisist Zakir Muradov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, dramaturq Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və jurnalistlər birliyinin üzvü, şair-publisist Bəxtiyar Muradov, Gəncə Maarif evi İctimai Birliyinin sədri İmamverdi Vəliyev və gənc araşdırmaçı, tədqiqatçı Kamran Yusifzadə təqdim olunan kitab haqqında, Azərbaycanın ictimai-siyasi xadimləri və onların Azərbaycan tarixində müstəsna rollarından maraqlı çıxış etdilər. Tədbirdə iştirak edən GDU-nun Tarix fakultəsinin tələbələri təqdimatı keçirilən kitabla yaxından tanış olaraq, tədbirdən məmnun qaldıqlarını bildirdilər...
Gəncə Regional Mədəniyyət idarəsinin əməkdaşları tədbir haqqında xoş sözlər söylədilər.
Sonda çıxış edən MKS-nin direktor əvəzi Fəridə Qədimova bütün tədbir iştirakçılarına , xüsusilə kitab haqqında çıxış edənlərə minnətdarlığını bildirdi. Qeyd etdi ki, belə tarixi faktlara əsaslanan, ictimai-syasi xadimlərin həyat və fəaliyyətlərindən bəhs edən kitabların gənclərin mütaliəsinə verilməsi, gənclərin məlumatlandırılması kitabxananın fəaliyyətinin birbaşa əsasını təşkil edir və təqdirə layiqdir.