Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhərində II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirildi

19.10.2021

18 oktyabr 2021-ci il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilmişdir.

Tədbirin aparıcısı ilk öncə Azərbaycanın Dövlət Müstəqilliyinin, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinə bir dəqiqəlik sükut elan etdi.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk və digər rəsmi qonaqlar iştirak etdilər.

Tədbirin aparıcısı Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnəyə dəvət etdi. Vasif Cənnətov festival iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyi ilə Gəncədə keçirilən II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalında Gəncə şəhərindən, Samux, Tovuz, Ağstafa rayonlarında olan 22 nəfər vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romansları da təqdim ediləcəkdir. O, eyni zamanda bildirdi ki, bu festivala 2021-ci ildən Beynəlxalq statusu verilmişdir və bu Azərbaycanın vokal musiqisinə verilən ən böyük töhfədir.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının (direktor əvəzi, Respublikanın Əməkdar artist Elçin Elçiyev) təşkilatçılığı ilə Filarmoniyanın Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Respublikanın Xalq artisti Rafael Bayramov) 3 saat davam edən festivalda ifaçıları müşayiət etdi.

Festivalda Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Fuad Muradov, Nəzrin Zeynalova, Altun Süleymanov, Bayram Həsənov, İslam Əlizadə (Samux rayonu), eləcə də digər solistlər Cəlal İsayev, Rəhman Quliyev, Sevda Qafarova (Ağstafa və Tovuz rayonu), Qaya Nəsibzadə (Samux rayonu), Cavidan İsayev, Günel Hacıyeva, Zeynəb Abdullayeva, Elmir Pişnamazzadə, Rövşən Quliyev, Vasif Bayramov, Rüstəm Cəfərov çıxış etdilər.

Festival solistlər Vasif Bayramovun və Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatdı.

Festivalın sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnəyə gələrək bütün ifaçılara və festivalın təşkilatlarına öz səmimi minnətdarlığını bildirdi.